Sağlıq məcunları

Sağlıq məcunları

Qədim dövrlərdən insanı əhatə edən bitki aləmi onlar üçün yalnız qidalanma mənbəyi deyil, həm də müalicə vasitəsi olmuşdur. Dərman bitkiləri və onların müalicəvi xüsusiyyətləri haqqında zaman-zaman yetərincə yazılmış, bununla əlaqədar əldə olunmuş təcrübi məlumatlar nəsildən-nəslə ötürülmüşdür.
Tarixi qaynaqlardan bəllidir ki, hələ X-XIII əsrlərdə, digər ölkələrdən fərqli olaraq, Azərbaycanda xalq təbabəti yüksək inkişaf mərhələsinə çatmışdı. Məşhur təbib və loğmanlarımız Azərbaycanın zəngin bitki, mineral və heyvan mənşəli dərman xammallarının mənşəyini, tərkibindəki maddələrin xassələrini, müalicəvi əhəmiyyətini araşdırmış və ətraflı öyrənmiş, müxtəlif xəstəliklərdə onlardan səmərəli istifadə etmişlər. Bütün dövrlərdə, o cümlədən bu gün də insanların xalq təbabətinə marağı xüsusilə üstünlük təşkil etmişdir.
Ötən illər ərzində bu sahədə xeyli toplular, kitablar çap olunmuş, məqalələr yazılmışdır. Bu baxımdan “Nasir” nəşriyyatı tərəfindən yenicə çapdan çıxmış “Sağlıq məcunları: möcüzəli giləmeyvələr” adlı kitab dəyərli nəşrlərdən sayılır. Kitabın müəllifi riyaziyyat üzrə fəlsəfə doktoru Ağababa İbrahimovdur.
Yeni nəşrdə ürək, eləcə də ürəklə bağlı bədən üzvlərinin sağlam qalması və bir sıra xəstəliklərin müalicəsi üçün lazım olan qiymətli bitkilər, onlardan istifadə üsullarından geniş bəhs edilir. Burada giləmeyvələrin, günəbaxan və digər bitkilərin bildiyimiz və bilmədiyimiz müalicəvi əhəmiyyətlərindən, 200 adda dərman bitkisindən hazırlanan dəmləmələr, məlhəmlər, cövhərlər haqqında geniş məlumat toplanıb. İstifadəçilərin tanımaları üçün adıçəkilən bitkilərin Azərbaycan, rus və latın dillərində adları verilib. Bir faktı da qeyd edək ki, bu nəşr A.İbrahimovun ikinci kitabıdır. Birinci kitab isə 2010-cu ildə “Sağlıq məcunları: təbii alma sirkəsi, zəncirotu, pıtraq” adlanırdı. Birinci kitab sağlamlığı qorumağı, kimyəvi dərmanlardan az istifadə etməyi təbliğ edirdi. Burada ürəyin, qaraciyərin və digər orqanların müalicəsi üçün qiymətli reseptlər də verilmişdir. Müəllif ön söz əvəzində yazır ki, ikinci kitaba ilk növbədə uzun illər ərzində ürək haqqında topladığı bilgiləri, eləcə də giləmeyvələr və günəbaxandan hazırlanan müalicə üsullarını daxil etmişdir.
Dil: Azərbaycanca